пятница, 26 ноября 2010 г.

Gərnəşən adam
(hekayə)

Gözünü açdıqda günün hansı çağı, saatın neçə olduğunu dəqiq kəsdirə bilməmişdi. Rahat və həmişə adət etmədiyi vaxtda yatanda və ən əsası, görüləsi işin, gediləsi yerin, bir sözlə oyanmağın və ya hansı vaxt oyanmağın səninçün əhəmiyyəti olmayanda, adətən, belə olur.
Yadına düşdü ki, bu gün onun istirahət günüdür və həyat yoldaşı ilə qızını qaynatasıgilə yola saldıqdan sonra evə gəlib yatmış və indi günorta saat 16:15-də oyanmışdı. Axşam futbola baxmaqdan savayı görüləcək bir işi yoxdu. Buna görəmi, ya bəlkə də daxilindən gələn hissin təsiri altındamı şəkil çəkmək istədi. Nə çəkməli olduğunu da fikirləşmədi, yuxudan ayılıb vəziyyəti dəyərləndirəndə artıq mövzu hazır idi – yuxudan yenicə durub yerində gərnəşən adam çəkməli idi. Bəzən ətrafdakılar üçün adi və dəyərsiz kimi görünən şeylər yaradıcı insanlar üçün böyük bir məna kəsb edir. Bizim çox sadə qavradığımız – bəlkədə qavramadığımız, sadəcə şüuraltı, bədihi qəbul etdiyimiz – məfhumlar, hadisələr onlar üçün yalnız fəlsəfi, yaxud qeyri-fəlsəfi, qeyri-adi mühakimələrin nəticəsində çatımlı olur. Ola bilər və çox zamada belə olur ki, bu mühakimələrin geniş auditoriyada, dinləyici qarşısında səslənməsi gülünc, yaxud süni əllaməlik eləmək cəhdi kimi qarşılanır, amma bu xarakter onların şəxsiyyətinin ayrılmaz hissəsidir və bəlkə də elə ona görə “yaradıcı insanlar” adlı ayrıca bir kateqoriya var.
Şəkil çəkmək üçün lazımi avadanlıqları – molberti, fırçası, boyası və s. – yox idi, çünki o, rəssam deyildi. Nə qədər təəccüblü olsa da o, bank işçisi idi. Amma çox gözəl rəsm çəkmək qabiliyyəti, daha doğrusu, istedadı var idi və şübhəsiz, əgər bu sənəti davam etdirsəydi – hətta rəssamlıq təhsili almasa belə - böük rəssam olardı. Ziyalı ailəsində, ziyalı nəslin nümayəndəsi olaraq dünyaya göz açmışdı. Atası iqtisadçı idi, ali savadlı və yoldaşları arasında, işdə, qohumlar arasında hörmət olunan adamdı. Öz ixtisasından başqa həm də digər elmlərdən kafi qədər məlumatı olan, bundan başqa şəxsi mütaliəsi hesabına məlumatlılıq və hər söhbətə müsahib ola bilmək bacarığı baxımından qohumlarını, iş yoldaşlarını, bir sözlə, çevrəsindəki adamları xeyli qabaqlayırdı. Anası bağça müəlliməsi idi, öz ixtisası üzrə işləmirdi. Baxmayaraq ki, orta ixtisas təhsili və ərində sadalanan üstünlüklərin çox az qismi onda vardı, amma övladlarının yaxşı təhsil almalarında, ziyalı insan kimi yetişmələrində heç də ərindən az rol oynamamışdı. Təkcə öz ailələrində deyil, nəsillərində vəziyyət bu cür idi, yəni qohumlarının hərəsi müxtəlif sahələrdə təhsil görmüş, hər hansı bir peşəyə yiyələnmiş və işlə təmin olunmuşdular. Bir sözlə, orta statistik və ya bundan bir qədər üstün azərbaycanlı sayıla bilərdilər.
Əlbəttə ki, evdə təhsilə yaradılan həvəslə orta məktəbi əla qiymətlərlə oxumuş, birindən az, birindən çox olsa da hər halda bütün keçilən fənləri mənimsəmişdi. Bütün bunlardan başqa nəsilərində heç kimdə olmayan rəssamlıq istedadı hərdən onu, ətrafdakılarının anlamadığı aləmə aparır, uşaq vaxtlarında primitiv, gördükləri ilə məhdudlaşan, sadə anlaşılan və mətnaltı məna ifadəetməyən, müstəqim fikirli, nisbətən yuxarı yaşlarda isə mücərrəd, bir baxışla anlaşılmayan və təfsirə ehtiyacı olan rəsmlər çəkməyə məcbur edirdi. Valideynləri bunu sezməmiş deyildi., amma onun rəssam olmasını əsla istəmirdilər. Bunun bir neçə səbəbi və onların zənninə görə tutarlı əsasları vardı. “Rəssamlıqla ailə saxlamaq olmaz”, “tanınmış rəssam olmaqçün uzun illər lazımdı, buna qədər isə nəylə dolanacaq?”, “ bu, bir uşaqlıq həvəsidir”, “yaxşı həkim, mühəndis, kompüter mütəxəssisi, alim və s.ola bilər,belə elmli uşağın elm dalınca getməməsi hayıfdı” və s.deyə düşünürdülər. Bu düşüncələrin “bəhrəsi” oldu və planlı təbliğatın hesabına çox çəkməyən narazılıqlardan sonra övladları elm yolunu seçdi, kompüter mütəxəssisi olmağı qərara aldı, müvaffəqiyyətlə ali məktəbə daxil oldu, hətta imkan tapıb xarici ölkələrdə təkmilləşdi, sertrifikatlar filanlarla döndü və bankda işə düzəldi...
Mətbəxdə keçdi. Cani-dildən işləmək üçün çaya ehtiyaci vardı. Yuxudan duranda, xüsusən belə nataraz vaxtlarda, boğazı qurumuş olurdu, çay ən yaxşı boğaz islatmaq vasitəsi idi onunçün. Çaydanı qaz piltəsinin üzərinə qoyub əl-üzünü yumaq üçün vanna otağına keçdi, yuyundu, qurulandı, o biri otağa keçib bir neçə A4 vərəqi, göy və qırmızı qələm, karandaş və qızının rəngli karandaş və flamastr dəstini gətirdi. Üzərində meyvə dolu meyvə qabı, aşağı gözündə isə özünün və həyat yoldaşının oxuduğu müxtəlif jurnallar olan ayağı diyircəkli jurnal masasını divanın qabağına çəkdi. Meyvə qabını, mane olmamaq üçün, divanla üzbəüz yerləşdirilmiş mebelin açıq gözünə qoydu və jurnal masasının aşağı gözündəki jurnallardan birini və bayaq gətirib divanın üstünə atdığı əşyaları masanın üzərinə qoydu. Demək olar ki, işə başlamaq üçün bütün prosedurlar yerinə yetirilmişdi. Sadəcə su qaynamalı, özü istədiyi kimi çay dəmləməli, peçenye ilə qaynar çay içməli və işə girişməli idi.
Su qaynayana qədər kompüteri yandırıb klassik musiqi dinləmək istədi, hər halda bunun işinə köməkçi olacağını düşündü. Çünki klassik bəstəkarlar yaradıcı insanlar cərgəsində ön cərədə duran şəxslərdi. Bir yaradıcı insanın – peşə müxtəlifliyinə baxmayaraq – digər yaradıcı insana stimul verə biləcəyi, onu istiqamətləndirə, vəcdə gətirə biləcəyi düşüncəsi vardı onda. Onun fikrincə bütün yaradıcı insanlar eyni nöqtədən, eyni mənbədən bəhrələnirlər və bu mənbə lazım olan enerjini, temperamenti, hədəfi yazıçıya söz, bəstəkara not, rəssama boya, rəng, xəttata xətt, xalçaçıya naxış və s.kimi ötürür. Odur ki birinin 3m² parça üzərində çəkdiyini başqası ovuc boyda əl işi, yaxud metrlərlə ucalan abidə kimi, digəri səhifələrlə söz, digəri filan qədər ilmə, digəri heroqliflər kimi anlaşılmaz olan not kimi ərsəyə gətirir. Buların hər biri müxtəlif qrup insanlar tərəfindən həzm olunsa da, ayrı-ayrı mütəxəssislərin tədqiqat obyekti, heyrətlə qarşıladığı yaradıcılıq nümunəsi olsa da onlar eyni şeyi, eyni fikri, eyni mənanı ifadə edirlər...
Kompüterə tərəf getdi, amma yandırmadı onu. Düşündü ki, dinlədiyi şedevrlərin təsiri altında öz işinə marağı azalacaq, onları dinləyincə xəyallara dalacaq , saatlar ötəcək, amma o heç nə çəkə bilməyəcək. Odur ki, bir az təkliyi hiss etmək, bununla bir az auraya girmək istədi ki, girdiyi o atmosfer – bədbin əhval-ruhiyyə - əsərinin yaxşı alınmasına kömək eləsin.
Pəncərənin qabağıngəldi. Aşağıdakı insanlara baxmağa başladı. Aşağıda hamı harasa tələsirdi. Yəqin siz də hərdən insanlara tamaş etmisiniz. Çox gülməli görünür bu xaotik hərəkət. Sanki hamı bir-birinə qarışıb, kim hara gəldi, necə gəldi gedir. Amma əslində onların hər birinin məqəsədi və buna aparan yolları var. Və siz o yolların kəsişdiyi yerdə durub onları seyr edəndə bu sizə məqsədsiz, mənasız hərəkəti xatırladır. Onların kimi evə, kimi dərsə, kimi ibadətə, kimi görüşə, kimi qarnını doyurmağa, kimi xəstə yoxlamağa, kimi kiminsə “qulağını kəsməyə”, kimi aldatmağa, kimi aldanmağa və s.gedir. Amma onların heç biri məqsədsiz hərəkət etmir...
Çaydan qaynayırdı. Yolu keçən adama dikilmiş – qətiyyən o adam haqda düşünmədən, sadəcə fikirlərini aydınlaşdırmaq, cəmləmək üçün nəzərlərini bir nöqtəyə zilləməsi lazım idi – gözlərini hədəfdən ayırıb çay dəmləmək üçün mətbəxə keçdi. Çaydanı piltənin üzərindən götürüb pıqqapıq qaynayan sudan bayaqdan yuyub, içinə quru çay tökdüyü çaynikə süzdü,çaydanı kənara çayniki isə asta alovla yanan piltənin üzərinə qoyub dəm almasını gözlədi...
- Çay deyil e, qandı, qan.
Dəmlədiyi çayı tərifləmək xoşuna gəlirdi. Daha doğrusu, gözəl olan və tarifə layiq hər şeyi tərifləmək xoşuna gəlirdi. Hərdən dəmlədiyi çay da bu sıradan olurdu və belə anlarda tərifi əsla təxirə salmırdı. Yaşadığı cəmiyyət – təvazökarlığı müsbət keyfiyyət hesab edən hər bir şəxsin bəyənmədiyi – bu xasiyyəti onda formalaşdırmışdı. Valideynləri onun universitetə daxil olmağını, imtahanlardan yaxşı qiymət aldığını, xaricdəki uğurlarını tərifləmişdilər, onunla fəxr etmişdilər. Amma onun fikrincə, həyatda ən adi görünən, lakin tərifə layiq hər şey layiq olduğu qiymətini almalıdır. Anasının, həyat yoldaşının hazırladıqları, qonaq olduğu evlərdə bişirilən yeməkəri tərifləməkdə xəsislik etməzdi. Tələbəlik illərində futbol oynarkən komanda yoldaşlarının qollarını, fintlərini, ötürmələrini, qapıçı qurtarışlarını, müdafiəçilərin zəhmətini alqışlamaqdan, “əla”, “afərin” sözlərilə həvəsləndirməkdən, oyun qurtardıqdan sonra o anları yada salıb bir daha təşəkkür etməkdən çəkinməzdi. Həmsöhbətinin maraqlı sözünə, yerində deyilmiş kəlamına qiymət verər, çox gözəl söylədiyini mütləq qeyd edərdi. Hər bir insan ona verilən qiymətdən az və ya çox dərəcədə xoşhal olur və bu qiymət onun işinə həmişə müsbət təsir edir. Xəstəni sağaltmaq, əgər mümkündüsə, onu ölümdən qurtarmaq həkimin borcu deyilmi?! Amma elə həkim təsəvvür etmirəm ki, ölümdən qurtardığı xəstənin özündən və qohumlarından təşəkkür, əməyinə qiymət ummamış olsun. Nəyə görə aktyorların şablon “bizi yaşadan tamaşaçının alqışıdır” cümləsi hamı tərəfindən bəyənilir?! Bəşər övladını yaşadan onun həyatda yaşamasının, var olmasının bir əhəmiyyəti olduğunu, bu dünyada bir işə yaradığını hiss etməsidir. Bunu hiss etdirməli olanlar isə ətrafdakı insanlardır...
Amma nədəsə nə valideynlərindən, nə həyat yoldaşı, nə də azını çıxsaq, digər yoldaşlarından bu qiyməti görmürdü heç vaxt. Həqiqətən tərifə layiq olan, ancaq adi, məişət işi sayılan əməyi insanların diqqəti xaricində qalırdı. Bəzi yoldaşları, hətta onun belə işlərinin gözəl olduğunu bilirdilərsə də bunu vurğulamağı, bəlkə də özlərinə sığışdırmırdılar. Ətrafındakılardan gördüyü bu diqqətsizlik, kobudluq – o, diqqətsizliyi kobudluq hesab edirdi – öz işini (yalnız məişətdə) tərifləmək kimi sevmədiyi bir şeyi etmək adəti yaratmışdı onda. Bununla o, əslində, çevrəsindəki insanlara həyatın hər detalına diqqətli olmağı öyrətmək istəyirdi. Lakin əvəzində “bir az təvazön olsun” sözlərini eşidirdi...
Artıq hər şey hazır idi. xoruzpipiyi çaydan stəkana süzüb qonaq otağına gətirdi, işləyəcəyi masanın üzərinə qoyub işə başlamaq üçün hər şeyi hazır hesab etdi.
Vərəqlərdən birini götürüb nəzərində tutduğu rəsmi – gərnəşən adamı – çəkməyə cəhd etdi. Dəqiqələr bir-birini əvəz etdikcə rəsm bitkin formasını alırdı. Amma sözsüz ki, uzun müdddət tərk edilmiş vərdiş hər şeyin onun ürəyincə alınmasına mane olurdu. Odur ki, daha kamil rəsm alınana kimi vərəqlərə acımadan onları əzirdi. Bəli, vərəqlərə qarşı bu amansızlıq, acımasızlıq onda hələ universitet, bəlkə də məktəb illərindən fomalaşmışdı. Sanki vərəqlərə əzab verməkdən həzz alırdı, onları düşə biləcəkləri ən iyrənc, ən əzik vəziyyətə salmayınca onlardan əl çəkmirdi. Hələ bəzən onları cırmaq qərarına gələndə işgəncə lap qədar formasına çatırdı. Eyni vərəqi bərabər hissələrə o qədər bölürdü ki, daha onları bölmək olmurdu. Əlbəttə, belə boş və mənasız vərdişlər hamıda var...
Rəsm çəkməklə məşğul olduğu zaman həyat yoldaşı sağ-salamat çatdıqlarını bildirmək üçün zəng vurmuşdu, qızı atası üçün darıxmış və onunla söhbətə də bir xeyli vaxt getmişdi. Hər bir ata kimi o da qızını sevir və bununçün də rəsm çəkdiyini əldə əsas tutaraq qızı ilə söhbəti qısa kəsməmiş və o, könüllü sağollaşana kimi danışmışdılar...
Ömrünü həmişə başqalarına sərf etmişdi. Ətrafındakı insanların rahatlığı üçün bəlkə də yarana biləcək ən dahi əsərləri təxirə salmışdı. Otaq yoldaşını yuxudan oyatmamaq, sevgilisinin görüşünə gecikməmək, anasıgili narahat etməmək və daha onlarca belə insani, vicdani məsələlər həmişə ona mane olmuş, istədiyini etmək üçün qarşısında sədd çəkmişdi. Kim qoyub bu meyarları? Axı, kim deyə bilər ki, bu gün kiminsə narahat olmaması daha vicdanidir, yoxsa çəkilməmiş rəsm – ürəkdə qalan arzu, reallığa çevrilməmiş ideya, ifadə olunmamış fikir?
Həyatda nəçi olacağını seçəndə də sərbəst olmamış, ata-anasının fikrini üstün tutmuşdu. Həyat yoldaşını seçəndə də belə olmuşdu. Tərbiyəli, savadlı və tanıdıqları ailənin qızı olduğuna görə valideynləri indiki həyat yoldaşını məsləhət görmüşdülər. Amma onların bir-birini necə tamamlayacaqları, dünyaya baxış bucaqlarının nə dərəcəə üst-üstə düşdüyü haqda, əlbəttə, fikirləşməmişdilər. Iş yerində də sərbəst ola bilməzdi. Müdriyyətin tapşırığı ilə sevmədiyi stildə - kostyum, qalstukda – işə gəlməli,hər bir stabil iş rejimi olan adamlar kimi hər gün eyni insanların üzünü görməli, eyni işi görməli idi. Oysa ki o, qətiyyən belə yeknəsəq həyata nifrət edirdi. Hətta bəzi vaxtlar işə getmək istəmirdi, amma ailəni saxlamaq üçün o, ömrü boyu belə zarıncı həyata tab gətirməli idi. Başqa işə keçsə də bir neçə aydan sonra ondan da bezəcəkdi, çünki yaradıcı insanlar həmişə sərbəst olmağı sevirlər. Istədiklər vaxt istədikləri yerə getmək, istədikləri yeməyi yemək, istədikləri işi etmək onların həyat prinsipidir. Bunun əksi olduqda isə, necə ki bizim qəhrəmanın başına gəlmişdi, onlar özünü qəfəsə salınmış hesab edirdilər.
Kənardan baxanlar ona həsəd aparırdılar. Universitet bitirmiş, xaricdə kurslar keçmiş, savadlı, əxlaqlı oğlan idi. Çox insan belə bir oğlanın onların kürəkəni olmasını arzulamışdı. Indi isə yaxşı ailəsi, övladı, evi, işi vardı. Xoşbəxt idi.
Bəli, klassik azərbaycanlı fikrinə görə onun xoşbəxtliyi üçün bunların olması kifayət idi. Amma o, hərdən gecə oyanıb şəkil çəkmək istəyəndə uşaq vaxtı ata-anasının, tələbə olanda otaq yoldaşının, ailə qurduqdan sonra arvad – uşağının narahat olmaması üçün bunu edə bilməyəndə özünü qandallı hesab edirdi.Ürəyinin dərinliyində fikirləşirdi ki, məhbus olsa, amma istədiyi vaxt şəkil çəkmək üçün onun qarşısında sədd olmasaydı, özünü bundan yaxşı hiss edərdi.Belə anlarda və həmişə bir qrup insana həsəd aparmışdı, doğrudur onlar çox az idi. O qrup insanlar ki, cəmiyyətin qoyduğu qondarma ictimai qınaq, qadağa, “olmaz”lar onların vecinə deyildi, kiminsə fikri onların qərarını dəyişdirə bilməz, həyatlarına təsir edə bilməzdi. Dünyada, çox az da olsa, əsl xoşbəxt adamlar da məhz belələridir.
“Mən isə bunu bacarmadım, hələ rəssamlığı yox, kompüter mütəxəssisi olmağı seçəndə bu şansıma yox dedim. Mən valideynlərimə yox deyə, könüllərini qıra bilmədim. Sonra yoldaşlarımın, riyakar cəmiyyətin, həyat yoldaşımın, uşağımın, qohumlarımın və s.” — qızı və həyat yoldaşı ilə söhbət beləcə onun fikrini dağıtmışdı...
Onun fikrincə gərnəşmək sərbəstliyi, azadlığı nümayiş etdirməkdir. Gərnəşən insan yuxuyla və onun içindəki hər şeylə, hər kəslə münasibətlərini ayırd edir, onlardan əsla asılı olmadığını, onları tərk edə biləcəyini nümayiş etdirir.
O isə kimsə ondan narazı qalmasın, cəmiyyət tərəfindən tərk olunmasın deyə, az və ya çox dərəcədə onun müxtəlif təbəqələrinin mənfi qarşılaya biləcəklərinə görə heç vaxt qərarlarını qəti verə bilməmiş, cəmiyyətlə, ailəylə arasında ciddi ziddiyyətdən qorxaraq əksər vaxt ürəyincə olmayan qərarlarla barışmalı olmuşdu.Gərnəşə bilməmişdi həyatda...
Saata baxdı. Futbolun vaxtı idi. “Gərnəşə bilməyən adam gərnəşən adamın hiss etdiklərini heç vaxt duya bilməz və təbii ki onun keçirdiyi hissləri keçirə, deməli onu təsvir də edə bilməyəcək” – düşündü və kağızı əzdi, o biri əzik kağızların yanına qoydu...
- Neynirsən?
- Futbola baxıram.
- Soyuducuda ərzaq var, yemək yeyəndə salat düzəltmək yaddan çıxmasın.
- Yaxşı...
`