воскресенье, 13 марта 2011 г.

İnkişaf elmlə olur

Ətalət, yoxsa düşünmək?
Elm Elm işıqdır, elmsizlik isə zülmət. (Uşinski)
(Uşinski)
Böyük təəssüf hissilə etiraf etmək lazımdır ki, bəşərə böyük töhfələr vermiş, istər əxlaqi, istər ictimai yöndə kamilliyə çatmağı məqsəd seçmiş islam dini uzun əsrlərdir öz mənasını və fəlsəfəsini itirmiş, demək istədiyi, insanlara çatdırmaq istədiyi ismarışlar hiss olunmadan təmamilə fərqli istiqamətlərə yönəldilmişdir. Müsəlmanlar isə buna biganədirlər və daha faciəlisi isə əksəri heç bunun fərqində belə deyillər. Yalnız görən və düşünən, daha doğrusu, görmək və düşünmək istəyən adamlar istisnadır. “Quran”ın dediyi kimi “görənlə görməyən bir deyil”, “bilənlə bilməyən eyni deyil”, “burda (bu kitabda, bu ayədə) düşünənlər üçün böyük hikmətlər var”.
İslam dininin məhdud coğrafi ərazini əhatə etməsi, “islam” və “müsəlman” anlayışlarının fərqli məna ifadə etmələri, XII – XIII əsrlərdən sonra, demək olar ki, nüfuzunu itirməsi və dünya ictimai həyatında heç bir rol oynaya bilməməsi, bu dinin əsas qanunu olan “Qurani – Kərim”in bir stolüstü kitab və yol göstərən mövqeyindən çıxması təsadüfidirmi, sizin fikrinizcə?
Əlbəttə, sadalanan və sadalanmayan onlarca məsələlərin səbəbi bir deyil, bunlardan bir neçəsini fikirləşmədən qeyd etmək olar.
1) İslamı təmsil edənlər insanlar
2) Siyasi məsələlər
3) İslama etiqad edənlərin şərq xalqları olması

1) Əgər digər dinlər zamanın dəyişməsilə öz qanunlarını və ehkamlarını itirmişdilərsə, sonuncu din öz ehkamlarını qorumaqla zamanla ayaqlaşa bilmədi. İnsanlara, onların tələbatlarına cavab verə bilməyən, onların suallarını cavablandırmaqda aciz qalan din, əlbəttə, onların həyat yoluna, məqsədinə çevrilə bilməz, kamilliyə çatmaq vasitəsi kimi qəbul olunmaqdan isə söhbət gedə bilməz. Peyğəmbəri – Əkrəmin cahil ərəblərə şərh etdiyi dini ehkamların və fəlsəfənin inkişaf edən və təfəkkürü daim dəyişən insana çatdırılmasında böyük problemlər yaşandı və hələ də bunun öhdəsindən gəlinə bilinmir. Xüsusən XVI əsr qərbdə baş verən intibahdan sonra islam ilə və ya daha doğrusu islamı təmsil edənlərin təfəkkürü ilə qərb dünyası və düşüncə tərzi arasında çox böyük uçurum yarandı. İl-ildən və hətta daha böyük sürətlə inkişaf edən qərb çox qısa zamanda insanlara, sözsüz ki, mütərəqqi insanlara böyük məmnuniyyətlə qucaq açdı və onları ətrafında toplamaqla yanaşı islam və şərqi, yaxud islam şərqini, azı, 4 əsr qabaqladı. Bunun nəticəsi olaraq indi gördüyümüz mənzərəni bədii olaraq belə ifadə etmək olar: “indi islam və ya şərq dünyası qərbin dalınca qaçır, daha doğrusu, sürünür.”
Onları sürətlə ötüb keçən qonşularını görən müsəlmanlar “başlarının altına yastıq qoyaraq” özlərinə çox sadə və anlaşılan, təsəlli verən və uyudan bir deviz seçdilər : “ Biz Allahın ən doğru dininə sitayiş edirik və bu, bizi indi Allahın gözündə, sonda, yəni axirətdə isə onların müqabilində üstün edəcək.” Buna özləri nə dərəcədə inanırdılar, çox müəmmalıdır, çünki hər bir həyat ehtiyacları, məişətləri, istirahətlərinin bəyənmədikləri qərblidən asılı düşməsi azmış kimi, azadlıqları və vətənləri onların əlinə keçdi, nemətləri daşındı, özləri isə qul oldular və qərblinin gözündə insandan da aşağı hala salındılar. Bu qeyri – insani həyat tərzi belə yatmış müsəlmanları ayıltmadı və onlar çəkdikləri əzabı, həyatda min bir zəhmətə qatlaşmağı fəxr və Allaha yaxınlaşmaq vasitəsi hesab etdilər.
Peyğəmbərin qoymadığı və hətta qadağan etdiyi qanunlar hakim oldu islam dünyasında. Məsələn, islamı təmsil edənlər elə görüntü yaratdılar ki, sanki islam şəriətinə aid olan hər hansı məsələ haqda və ya “Quran”ın hər hansı ayəsi haqda ancaq din alimləri fikir yürüdə bilər. Özlərini Peyğəmbərin nümayəndəsi kimi təqdim edərək fikirlərinin adi insanlar tərəfindən müzakirə oluna bilinməsindən üstün olması fonunu yaratdılar və ətalətin və düşüncəsizliyin toxumunu səpdilər.
Daha maraqlısı budur ki, əgər müxtəlif alimlər hər hansı bir məsələ haqda müxtəlif rəylər söyləyirlərsə, hamısı müəyyən mənada doğrudur və müsəlman hər hansı birini qəbul etməkdə haqlıdır. Amma din alimi olmayan birisi ağıla və məntiqə söykənən şərh versə belə qəbul olunmağa layiq deyil. Bundan da dəhşətlisi odur ki, əgər müəyyən məsələ haqda alimlər müəyyən fikir söyləyiblərsə, o qeyd – şərtsiz qəbul olunmalıdır, söyləməyiblərsə, bunun haqda kiminsə düşünməsi lazım deyil. Bu metodla insanları ağıllarının mühakiməsinin təsirindən ayıran “din başçıları” onları öz təsirləri altına salmağa çalışdılar.
Halbuki Peyğəmbər buyurmuşdu ki, ağıl insanın ikinci peyğəmbəridir. O möhtəşəm insan çox sadə dillə demək istəyib ki, insana doğru yolu göstərən onun ağlıdır və onun hər şey haqda fikirləşməyə ixtiyarı var və hətta hər məsələdə özünəməxsus mövqeyinin olması ən təbii bir şeydir.
Burdan asanlıqla belə nəticə çıxarmaq olar ki, özlərini islamın nümayəndələri kimi təqdim edən şəxslər, əslində, islama ən böyük zəbəni vurdular. Çünki məhz onların planlı yanlış təbliği sayəsində adi müsəlmanlar elmdən daha çox dini təmrinlərin həyata keçirilməsinə əhəmiyyət verdilər. Onu mütləq qeyd etməliyəm ki, heç vaxt elmi hansısa kateqoriyalara bölməyən Peyğəmbərin əksinə olaraq bu alimlər elmi dini və dünyəvi olmaqla iki qola böldülər və birincini ikincidən Allah yanında daha qiymətli bildilər. Elmə aid olan bütün hədis və ayələrin hamısı, guya dini elm haqda buyurulub təsəvvürü yaratmağa müvəffəq oldular.

2) Bu haqda deyəcəklərim əslində 1-ci bənddə anlatmaq istədiklərimlə o qədər iç – içədir ki, bəzi məsələlərin hansı bəndə daha çox aid olduğunu söyləmək çətin olur. Daha doğrusu, hər 3 bənddə sadalananlar əslində bir – birilə sıx rabitədə olan və bir – birini şərtləndirən amillərdir.
İslamın məqsədlərinin müsəlmanı nə qədər inkişaf etdirdiyini və barbar bir insanı alimə, səyyaha, filosofa çevirdiyini görən düşmənlər bunun qarşısını almaq üçün çox dərin planlar hazırladılar. Bu planların dahiliyini anlamaq üçün təkcə onu demək kifayətdir ki, müsəlman islam kimi dahi bir dinin təsirindən çıxıb bu planı quranların tələsinə düşdülər və bunun üçün çox zaman tələb olunmadı.
Şərqli psixologiyasına xas olan bəzi xarakterlər də bu prosesin asanlaşmasına yardımçı oldu ki, bu haqda növbəti bənddə danışacağıq.
“Quran”ı cismani cəhətdən, yəni maddi mənada məhv etmək mümkün deyildi, çünki Peyğəmbəri – Mutəhhər “Quran” hafizliyi ənənəsini yaratmışdı və bu məktəb günümüzdə də böyük məhəbbətlə davam etdirilməkdədir. İnsanları “Quran”dan uzaqlaşdırmağın mümkünsüzlüyü anlaşıldıqdan sonra qərara alındı ki, ümumiyyətlə, insanları “Quran”a yaxın buraxmaq lazım deyil. Bunun üçün “Quran”ı anlamaq və nəticə çıxarmaq əvəzinə onu sadəcə oxumaqla da Allaha çatmağın mümkünlüyü haqda fikri islam cəmiyyətinə aşıladılar. İndiyə kimi insanların həyat yolu olan “Quran” artıq yalnız ərəb dilində yazılmış və mənası haqda fikirləşməyin heç də vacib olmadığı möcüzələr dolu bir kitaba çevrildi. Bu metodla hər bir oyunu müsəlmanın başına açmaq olduqca bəsit idi, hər bir fikri söyləmək və o fikri “Quran”ın hər hansı bir ayəsilə əsaslandırmaq olurdu. Bundan başqa “Quran”ın müqəddəsliyi çox şişirdildi və elə bir görüntü yaradıldı ki, guya onun hər hansı bir ayəsi haqda yalnız seçilmiş bir neçə islam alimindən başqa heç kim rəy söyləyə bilməz. Təsəvvür edin ki, sizə yad dildə bir kitab verirlər və onu anlamadan belə oxumaqla sizə böyük vəzifə veriləcəyini vəd edirlər. Anlamadığı bir şeyi oxumaqla hər hansı mənsəbə çatmaq insan şəxsiyyətinə nə dərəcədə ucalıq gətirə bilər, hətta əgər bu həqiqətdirsə belə? Və ya o kitabı ana dilinizə tərcümə edirlər, amma ondan nəticə çıxarmaq ixtiyarından sizi məhrum edirlər və onun şərhini yalnız müəyyən insanlardan ala biləcəyiniz təklif olunur, o şərhlər sizi qane etməsə belə doğruluğu iddia edilir. Bu işlərin məntiqə zidd olduğunu qəbul etmək, əlbəttə, çətin deyil, əgər azca da olsa o varsa.
İndi eyni şeyləri Allah və Onun kamillik qanunnnaməsi olaraq göndərdiyi kitab olan “Quran"”haqda düşünün. Allah insana “Quran”ı ona görəmi göndərdi ki, insan onu yad dildə oxumaqla özünə savab qazansın? Yaxud ona görəmi ki, onu oxusun, amma onlardan nəticə çıxarmağa qorxsun və şərhini kimdənsə istəsin? Məntiqin ən yüksək səviyyəsi olan Allahın məntiqi bu qədərmi cılızdır? Bu tipli sadə sualları müsəlman özünə və ya ali saydığı alimə verməyə cəsarət etmədi. Çünki ona geri qalmaq, cahil olmaq, işıqdan uzaqlaşmaq haram edilmədi, amma insanın bütün yaradılmışlara qarşı üstünlük simvolu olan düşünmək, fərqli fikir söyləmək, sual etmək haram edildi.
O alimlər isə qəsdənmi, ya səriştələri çatmadığındanmı “Quran”ı zamanın tələblərinə görə deyil VII əsr insanın dünya görüşünə görə şərh etdilər. Sürətlə inkişaf edən insan təfəkkürü və gündən – günə fərqliləşən çox müxtəlif fəlsəfi cərəyanlar və dünya görüşləri bu qədər primitiv görünən mifik bir dini qəbul edə bilməzdilər. Ona görə düşünə bilən, düşünən, yenilikçi, mütərəqqi insanlar ən azı bu dini tərk etdilər, bir qismi isə bu dinin puçluğu haqda və kifayət qədər əsaslandırılmış əsərlər yazmaqla dünya ictimaiyyətində islama qarşı ikrah yarada bildilər. Bir vaxtlar cəmiyyətin qaymaqlarının sitayiş etdiyi bir din artıq cahillərin, tənbəllərin, elmi sevməyənlərin, elmi müqəddəs saymayanların, hər cür inkişafın, beyində inqilabların düşməni olanların dininə çevrildi. Belə islama pərəstiş edən müsəlman rastlaşdığı real, zamanına müvafiq problemlər haqda deyil, təmamilə əhəmiyyətsiz məsələlər haqda düşünmək üçün yetişdirildi. Sosial və elmi səviyyədə deyil məişət səviyyəsindən kənara çıxa bilməyən nadan bir insan tipi formalaşdırıldı.
Beleliklə, hər bir müsəlman elə sansa da ki, “Quran” onun əlindədir və o, “Quran”dan Allahın istədiyi kimi faydalanır, əslində bunun tam əksi baş vermişdi və çox təəssüf ki, günümüz müsəlmanı hələ də bu stereotipi və illüziyanı sındıra bilməyib. Kitabı əlindən alınmış, cahilliklə baş – başa buraxılmış və bunun fərqində olmayandan daha zəif kim ola bilər?
Elmi Texniki Tərəqqi nəslinin nümayəndələri arasında müsəlman tapmaq “samanlıqda iynə axtarmaq”dır. Halbuki islam elmi ibadətlərin ən üstünü sayır. Gülünc deyilmi, XXI əsr insanı ətrafında baş verən onlarca yenilik haqda deyil, “Fatihə” surəsində şeytanın 7 adının gizlənməsi, maqnitofonla verilən azanın səhih olub – olmaması, dəstəmaz alarkən hansı duanı oxumağın daha münasib olması haqda baş sındırır? Həkim olmağa hazırlaşan gənc müsəlman xəstəyə toxunmaq, onun müəyyən nayihələrinə baxmağın halal –haramlığı barədə kiminsə fikrinə ehtiyac duymalıdırmı, yoxsa tibbin yeniliklərini öyrənmək üçün dəridən – qabıqdan çıxmağa hazır olmalıdır? Astronomiya elmi artıq nəinki bizim günəş sistemində olan planetlərin, hətta digər ulduz sistemlərindəki planetlərinin peyklərini tapmaq, onların dövr periodunu, sürətini hesablamağa qadir olduğu bir səviyyəyə yetişdiyi zamanda müsəlman Ramazan ayının daxil olması və təhvil olması haqda nəyə görə hansısa din aliminin rəyinə ehtiyac duymalı və hər il bu barədə şəkkə düşməlidir?
Hədislərdə deyildiyi görə bu din çətinlik üçün deyil, asanlıq üçün gəlib, amma günümüz islamını bundan çox uzaq görürük. Hər addımda çətinliklər qarşımızı alır, ən adi əməli yerinə yetirmək üçün onlarla şərtin vacibliyindən söhbət açılır. Elə bir müsəlman tapmaq çətindir ki, 50 il bundan sonra dünyanın qarşılaşacağı problemlər haqda düşünsün. Süni mayalanmadan doğulmuş uşaqlar qərb şəhərlərinin küçələrində oynayanda müsəlman o süni mayalanmanın haram olduğu, yaxud əmmaməli, əbalı namaz qılmağın müstəhəb olması haqda məsciddə moizə oxuyurdu. Kosmosda vulkanlar kəşf edən qərblinin qarşısında orda necə namaz qılacağını, qiblə olaraq hara baxacağını özünə dərd edən müsəlmanı görürük. XVIII –XIX əsrlərdə meydana gəlmiş qalstukları taxmağın halal, ya haram olması haqda hələ də müsəlman dəqiq qərara gələ bilməyib.
3) Yuxarıdakılardan heç də az əhəmiyyət daşımayan bu bənd özü bir neçə xırda başlıqlara bölünə bilər, amma əvvəlki bəndlərə aid olan məsələləri də olduqca qısa izah etdiyimdən və yazımın çox qısa həcmli olmasını istədiyimdən burdakı problemləri də vahid başlıq altında araşdırmağa çalışacam.
—Şərqli təbiətinin ən ayrılmaz hissəsi onun zahirə daha çox, mahiyyətinə isə daha az əhəmiyyət verməsidir. Ona görə şərqli müsəlman islamın göstərişlərinə, onların məzmununu araşdırmadan, formasını əsas bilərək əməl etməyi üstün tutdu. Ən sadə və qabarıq misal olaraq hələ də müsəlmanın saqqallı olmaq, hətta bəzi müsəlmanların qısa balaqlı şalvar geymə imicindən çıxa bilməməsini göstərmək olar. Onlar hər biri Peyğəmbərin adətini yerinə yetirdiyini əsas gətirməklə özlərinə haqq qazandırırlar. Əlbəttə, hər bir insan imic seçimi və fikirlərində çox sərbəstdir. Amma mən onu vurğulamaq istəyirəm ki, yaxşı olmazdımı ki, müsəlman belə şeyləri daha vacib, Allaha yaxınlaşmaq vasitəsi bilməkdənsə, daha prioritet məsələlərlə məşğul olsunlar? Olmazdımı ki, “rəhbər”lər Peyğəmbərin niyə saqqal saxladığını, onun tibbi və ictimai əsaslarını adi müsəlmanlara izah etsinlər və onlara imic sərbəstliyi versinlər? Əlbəttə, “kişinin hicabı onun saqqalıdır” və s. kimi gülünc, qondarma hədislərin yaşadığı müasir islam cəmiyyətində mənim ideyalarımın reallaşması xəyal kimi görünür. Söz verdiyimiz kimi təfsilatlara girməyəcəyimizdən hədislər, ayələr və onların müzakirəsi oxucuların öz ixtiyarındadır.
Onlarca hədis misal gətirmək olar ki, orada islamın dahi mütəfəkkirləri olan Peyğəmbər və Hz. Əli, onlarca ayə gətirmək olar ki, orada Cənab Allah özü müsəlmanları düşünməyə, dolayısı ilə məsələnin mahiyyətinə varmağa çağırır. Mətnimizin əvvəlində diqqətinizə çatdırılan “Quran” ayələrinə əlavə olaraq deyə bilərik ki, həmin kitabda 800 - ə yaxın və ya ondan bir az çox insanlar düşünməyə çağrılır. DİQQƏT!!! Kimdənsə soruşmaq yox, DÜŞÜNMƏK vurğulanır.
“İnsanların ruku və səcdələrinin uzunluğuna fikir verməyin, onların ağlını mühakimə edin” deyir Hz. Əli. Və yüzlərcə digər misallar...
Əlbəttə, yuxarıdakı bəndlərdə dediyim kimi mühakimə qabiliyyəti, düşünmək sərbəstliyi həbs olunmuş, “Quran”a yaxın buraxılmayan müsəlmana bu hədislər və ayələr daha az şərh olunub, nəinki onun geyimi, saqqalı, rukuda, qunutda, səcdədə, gecə namazında, əhya gecələrində oxuyacağı duaların uzunluğu, ağlamağın fəziləti, Allah yanında qiyməti haqda.
—Daxilində tənbəllik olan şərqli isalmdan da öz xeyrinə istifadə edərək bu xarakterinə asanlıqla bəraət qazandırdı. O məqsədinə çatmaq üçün duanı əməldən, iş görməkdən üstün tutdu. Bunun sayəsində isalm bir əməl dini olaraq deyil, hərəkətsizlik, sükunət, dua dini olaraq təşəkkül tapdı və tanındı.
—İnsanların qəlbində yeniliyi qəbul etməyə qarşı əcaib və izaholunmaz müqavimət fenomeni var. Qalileyləri, brunoları, kopernikləri məhz bu fenomenin qurbanı olan qərb gec də olsa, yəni intibah dövründən sonra mühafizəkarlığını tərk etdisə də şərqli xislətinə hakim kəsilən bu fenomen islam aləminə də az ziyan vurmadı və təəssüf ki, müsəlman hələ də bu haqda düşünməkdən çox uzaqdır. Yeni düşüncə sahibləri klassik və artıq qəlibə çevrilmiş fikirləri yıxmaq, müsəlmana hərəkət vermək, ətaləti sökmək istəsələr də lənətlənmiş insanlar kimi təqdim olundular, onları dinləmək haram elan olundu, kafir damğası vuruldu, hətta bir çoxları nüfuzlarını hər şeydən üstün tutan islam nümayəndələri tərəfindən məhv edildi. İslama etiqad edən insanlara yeni fikir dinləmək, VII əsrdən qalan adətlərə zidd olan hər şeyi qəbul etmək haram edildi. Sirr deyil ki, ehkamların müzakirəsi, ümumiyyətlə, bu haqda düşünmək müsəlman üçün heç vaxt açılmaması tələb olunan “40 –cı qapı”dır.
Burda çox önəmli olan bir nüansa diqqətinizi çəkmək istərdim ki, Hz. Peyğəmbər özü də yenilikçi və fikirlərdə inqilab nümayəndəsi idi və onun məqsədi məntiqə söykənməyən hər şeyi söküb atmaq, düşüncə üzərində qurulmuş, ağıla söykənən bir cəmiyyət yaratmaq idi. Amma onun hərəkət və sözlərini yalnız maddi mənada anlayan müsəlmanlar və xüsusən, “dini lider”lər yaşadıqları əsrə, onun tələblərinə baxmadan VII əsr islamını yaşatmağa çalışdılar. Nəticədə islama inanan bir kütlə formalaşdı və biz bu kütləni bu gün də görməkdəyik.
“Övladlarınızı dövrünüzün tələblərinə uyğun tərbiyə edin” buyuran Hz. Əli mənim bir neçə səhifədə anlatmaq istədiklərimi bu bircə cümləsilə dahiyanə ifadə etmirmi? VIII və ya XXII əsr müsəlmanına VII əsr islamının bütün elementləri deyil, o elementlərdəki mahiyyəti, məğzi həmin əsrə uyğun çatdırmaq lazımdır, XXI əsr müsəlmanı da özünü VII əsr müsəlmanı ilə müqayisə etməməlidir.
Çox qısa və incəliklərə varmadan çatdırmaq istədiyim bu yazını əslində müsəlmanı oyatmağa çalışan bütün mütəffəkirlərin, xüsusən, Hz. Peyğəmbərin, Hz. Əlinin, Əli Şəriətinin, Murtəza Mutəhhərinin, M. F. Axundovun, H. Cavidin, Ü. Hacıbəyovun, İ. Həsənəlizadənin və s. dahilərin fikirlərinin davamı sayıram və hamısına təşəkkür edirəm.
Təəssüf hissilə vurğulayıram ki, müasir və elm əhli olan müsəlmanın inanmaq istədiyi islam ilə yaşadığı və ehkamlarına riayət etdiyi islam arasında dərin uçurum var.


08. 08. 03. 2011

Комментариев нет:

Отправить комментарий